Niyə işlərimizi başqa vaxta saxlayırıq?
  • Lalə Zeynal
  • 23 Sentyabr 2019

Niyə işlərimizi başqa vaxta saxlayırıq?

Bir çay içim sonra edərəm, bir az sosial mediaya göz atım mütləq davam edəcəm, dostlarımla bir az istirahət edim sabahdan başlayaram... TANIŞDIR HƏ?

Həəə tənbəlliyə başladıqsa, işimiz çətindir. Yaxşı, bəs hardan bilək ki, artıq tənbəllik “xəstəliyi” bizi ələ keçirib?! Bu sualı cavablandırmaq üçün əsas 3 əlamətə göz ataq:

1) Çox mühüm səbəblər olmadan işlərimi əsla axsatmam - narahat olmayın, bu, normaldır;

2) Bəzən işimi təxirə saldığım olur;

3) Heç başlaya bilmirəm(((

2-ci və 3-cü bəndə aidsinizsə, təbrik edirik! Siz tənbəlsiniz!!!

Bəs axı bu tənbəllik haradan gəlir, tam qərar verirsiniz ki, bəsdir bu qədər istirahət başlayım, yenidən sonraya saxlayırsınız. Sinir pozucudur, hə? Gəlin bu işin səbəbinə baxaq, problem axı hardadır?

Araşdırmalara görə insanların 80%-ini işlərini daha çox təxirə salanlar təşkil edir. Əgər bu məqaləni sonra oxuyaram deyirsənsə, sən də bu hissənin içərisindəsən. ;)

isleri sonraya saxlamaq ertelemek data socool

Görəsən bu xəstəlikdir? Yaxud vərdiş? Bəlkə artıq fərdi özəlliyimizə çevrilib?

İnsan davranışlarını yalnızca beyin idarə edər, bəs bu, o deməkdirmi ki, beynimizin təxirə salmaq kimi özəlliyi var? Beynimiz çıxarılarsa, bütün funksiyalarını itirər, buna görə də, yalnız fərziyyələrlə öyrənilə bilinir. Beyin bütün işləri ardıcıl olaraq, sinirlər vasitəsi ilə “əmrlərini” orqanlara çatdıraraq yerinə yetirir. Yuxu zamanı xaric beynimiz heç bir zaman öz işini təxirə salmır. O zaman bəs beynimiz təxirə salmaq nədir bilmirsə, problem haradadır?

Pyschological Science-də (Psixoloji Elmlər) yayınlanan bir təcrübəyə baxaq:

Təcrübə əsnasında 264 qadın və kişinin beyni incələnir, nəticədə isə onların nə qədər “tənbəl”, yaxud nə qədər “işgüzar” olduqları müəyyən edilir. Nəticə olaraq məlum olur ki, işlərini sırası ilə zəif idarə edənlər (tənbəllər) daha böyük “amigdala”ya sahibdirlər. Amigdala-Limbik sistemin bir parçasıdır, bütün emosiyalara, xüsusən də qorxuya cavabdehdir. Amigdala qorxu, həzz və qayğının ortaya çıxdığı bir yerdir.

Araşdırmaçılardan birinin bu haqda qeydini sizə çatdırmaq istəyirəm: ”Daha böyük amigdalaya sahib insanlar daha tərəddüdlü, qayğılı və tənbəl olurlar. Tərəddüdləri və qorxuları üzündən işlərini təxirə salırlar.”

Deməli, tənbəlliyin səbəbi amigdalamızın böyük olmasıdır? Bəs o zaman niyə bu qədər insanın amigdalası böyükdür? Davam...

Beynimizin qərarvermə mexanizmi prefrontal korteksdir. Bu, beynimizin ön lobunda (yəni, alında) yerləşir. Xarakterimizi, ailəmizi və sosial çevrəmizi təyin etdiyi kimi, anlıq qərar alımını da bu bölgə təmin edir. Yəni, bir işi planlayırıq və işi həyata keçirmək qərarını alan kimi prefrontal korteks işə başlayır. Ancaq təxirə salırıq...

Çünki bu zaman yemək yemək, çay içmək, dostlarla əylənmək, televizor izləmək, musiqiyə qulaq asmaq bizə daha gözəl gəlir. Bizə bunları cəlbedici göstərən də limbik sistemdir. Yəni, işini sonraya saxlayanların limbik sistemi prefrontal korteksinə təsir edərək başqa qərar almağa məcbur edir. Buradan da belə nəticəyə gəlmək olar ki, əgər limbik sistem prefrontal korteksə təsir edərək bizi “tənbəllik” etməyə məcbur edirsə, deməli, tənbəlliyimizin səbəbi hislərimiz, əsasən də qayğı və qorxularımızdır.

Bəs bu qayğı və qorxular hardan gəlir???

Əgər “amigdalamız böyükdür!” deyiriksə, heç bir nəticə əldə edə bilməyəcəyik. Qayğı və qorxularımız həyat təcrübələrimizdən asılı olaraq artır və ya azalır. Bu təcrübələrin beynimizə təsir göstərməsi uşaqlığımızda gizlənir. Deməli, bizə maraqlı olan cavabı uşaqlığımızda axtarmalıyıq. Uşaqlıq bütün həyatımıza iz buraxdığı üçün çox mühümdür. Hamımız eyni mənliyə sahib doğuluruq, lakin fərqli çevrələrdə böyüyürük. Hamımız fərqli ailələrdə doğuluruq və bu, fərqli düşüncə, fərqli yaşam biçimi deməkdir. Bu çevrələrin mərkəzində xarakterimizə böyük təsir göstərən ailə durur. Uşaqlar arzu və istəklərinin dərhal yerinə yetirməsini istəyir, onlarda ayıb, məntiq və “başqaları nə deyər” düşüncəsi yoxdur. Ailə, nəticədə, qadağalar qoyar. Bu qadağalar uşaqların tərbiyəsində önəmli və təbiidir. Lakin ailə nə qədər sərt və qatı olarsa, uşaqlar bir o qədər qorxu duyar, çıxış yolunu ətrafdakı digər insanlarda görər. Nəticədə sərt və qatı tərbiyə metodu uşaqlığa zərər verər. Uşaqların arzu və istəkləri, qarşıdakı həyatlarında hədəfləri, maraqları isə araşdırma və öyrənmələri üçün önəmlidir. Deməli, tərbiyə metodu sərt və qatı deyil, yumşaq və əsnək olmalıdır. Bu, həmçinin müəllimlərə də aiddir, uşaqlar balaca yaşlarından günlərinin bir hissəsini müəllimlərinin yanında keçirirlər və müəllimlərin məktəb zamanında uşaqlara göstərdikləri təlim-tərbiyə metodu onların xarakterində mühüm rol oynayır.

isleri lengitmek ve ertelemek data socool

Yaxşı, bəs işlərini daha çox təxirə salan tənbəllər əsasən kimlərdir?

UŞAQKƏN:

-Ana-atalarından daha çox əmr alanlar;

-İşlərini edərkən daha çox məmnuniyyətsizliklə qarşılaşanlar;

-Sərt və qatı bir qarşılıq görənlər.

Bugünkü ana və ataların özlərinə vermələri olan sual da budur: ”biz övladlarımızın gələcəkdə öz hədəflərini vaxtında yerinə yetirmələrini istəyirik, yoxsa tənbəl bir insan olaraq formalaşmalarını?”

Sözsüz, uşaqlıq təcrübələri ağıldan silinməyəcəkdir, ancaq yenə də tənbəlliklə baş edə bilərik. Əlbəttə ki, daha planlı çalışmaq və güclü olmaq lazımdır. Əgər nəyisə təxirə salmaq istəsəniz, prefrontal korteksinizə xəbərdarlıq da edə bilərsiniz)

 


Paylaş: